Ali Mədəni İnqilab Şurasının katibi: “Humanitar elmlərdə köklü islahat qısamüddətli bir layihə deyil.”
Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi xəbərə görə, Ali Mədəni İnqilab Şurasının katibi höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənah 13 şəhrivər, cümə axşamı günü (04.09.2025) “Bəsici müəllimlər; humanitar elmlərdə köklü islahatlar, İran-İslam inkişaf modeli” şüarı ilə keçirilən Bəsici Müəllimlər Təşkilatının humanitar elmlərdə transformasiya üzrə ixtisaslaşmış şəbəkəsinin ilk iclasında çıxış edib. O, tanınmış və nüfuzlu alimlərin arasında iştirakından məmnunluq ifadə edərək bildirib ki, bu iclas humanitar elmlərdə əsaslı transformasiya üçün əldə olunan nailiyyətlərin yenidən dəyərləndirilməsi, mövcud çatışmazlıqların tənqidi və aydın bir gələcəyin təsviri baxımından mühüm fürsətdir.
O, İslam İnqilabının başlanğıcından bu günə qədər görülən işlərə nəzər salaraq bildirmişdir: “İnqilabdan əvvəl ölkəmizdə nə İslami humanitar elmlər fakültəsi, nə də əlaqədar tədqiqat mərkəzləri mövcud idi. Halbuki bu gün onlarla elmi mərkəz bu sahədə fəaliyyət göstərir.”
Ali Mədəni İnqilab Şurasının katibi əlavə etmişdir: “Son dörd onillikdə, xüsusilə son üç onillikdə və daha çox son iyirmi ildə böyük dəyişikliklər baş verib. İslami humanitar elmlərdə fəlsəfi nəzəriyyələrin və metodoloji yanaşmaların yaradılmasından tutmuş mütəxəssis müəllimlərin və tədqiqatçıların hazırlanmasına qədər bütün bunlar göstərir ki, biz başlanğıc nöqtəsində deyilik və əldə etdiyimiz dəyərli nailiyyətləri gözardı etməməliyik.”
Fəlsəfə və İslami humanitar elmlərin əsasları
Höccətül-İslam vəl-müslimin Xosrovpənah ölkənin ilk böyük potensialını İslami humanitar elmlər fəlsəfəsinin inkişafı kimi dəyərləndirərək demişdir: “İran bu sahədə İslam dünyasında misilsizdir. Ontologiya, epistemologiya, aksiologiya və antropologiya sahələrində mühüm işlər görülmüşdür. Əllamə Təbatəbai, şəhid Mütəhhəri, ayətullah Misbah Yəzdi, ayətullah Cavadi Amuli və onların tələbələrinin əsərləri İslami humanitar elmlər üçün möhkəm əsaslar yaratmışdır.”
O əlavə etmişdir: “Metodologiya sahəsində də dəyərli addımlar atılmışdır. Məsələn, İmam Sadiq (ə) Universiteti Ali Məqamlı Rəhbərimizin intellektual sisteminin metodologiyasına dair hərtərəfli bir kitab nəşr etmişdir, müxtəlif tədqiqat mərkəzləri və universitetlər də bu istiqamətdə dəyərli əsərlər təqdim etmişlər.”
Ali Mədəni İnqilab Şurasının katibi ikinci mühüm potensialı humanitar elmlərin idarəçiliyi kimi qiymətləndirərək izah etmişdir: “Bu idarəçilik siyasət təyin etməni, tənzimləməni, strukturlaşdırmanı, icra və nəzarəti əhatə edir. Sevindirici haldır ki, Ali Mədəni İnqilab Şurasında və Humanitar Elmlərin Transformasiya və İnkişaf Şurasında bu istiqamətdə mühüm addımlar atılmışdır.”
Höccətül-İslam vəl-müslimin Xosrovpənah əlavə etmişdir: “Bu gün biz artıq bilirik ki, humanitar elmlərin transformasiyası, İslamiləşməsi, milliləşməsi və müasirləşməsi nə deməkdir və bunun üçün lazım olan siyasətlər və strukturlar hazırlanmışdır. Yüzlərlə fənn proqramı yenidən nəzərdən keçirilib və təkmilləşdirilib, cəmiyyətin İslami tələblərinə uyğun olaraq yeni ixtisaslar təsis edilmişdir.”
O, üçüncü mühüm potensialı bacarıqlı müəllim və tədqiqatçıların yetişdirilməsi kimi dəyərləndirərək demişdir: “Keçmiş onilliklərdə İslami humanitar elmlərin əsaslarına bələd və bu işə sadiq olan müəllimlərin sayı barmaqla sayılacaq qədər idi. Lakin bu gün bir çox ixtisas sahələrində onlarla, hətta yüzlərlə görkəmli müəllim və tədqiqatçı İslami yanaşma əsasında fəaliyyət göstərir. Bu müəllimlər artıq bir çox tələbə yetişdiriblər və həmin tələbələr hazırda ölkə universitetlərində elmi heyət üzvləri kimi çalışırlar.”
Ali Mədəni İnqilab Şurasının katibi, nümunə olaraq, “Tibb bacılığı fəlsəfi nəzəriyyəsi”ni işləyib hazırlayan və dərc edən, həmçinin ABŞ universitetlərində təqdim edən tanınmış bir tibb bacılığı professorunu göstərərək əlavə etmişdir: “Bu nümunə göstərir ki, İslami humanitar elmlər beynəlxalq səviyyədə günün tələblərinə uyğun və tətbiqi elmi nəzəriyyələrə çevrilmək potensialına malikdirlər.”
Sınaqların aşılması və gələcəyə baxış
Ali Mədəni İnqilab Şurasının katibi 1980-ci illərin əvvəllərində hövzə və universitet arasında əlaqələrin formalaşmasının başlanğıcı ilə bağlı xatirələrini yada salaraq, şəhid Sədr və ayətullah Misbah Yəzdinin İslami humanitar elmlərin fəlsəfəsinin və metodologiyasının təməlini qoymaqdakı rollarını vurğulamış və bildirmişdir: “Baxmayaraq ki, universitetlərdə hələ də üstün mövqedə Qərb mənşəli müasir humanitar elmlər dayanır, bu gün elə bir universitet tapmaq olmaz ki, İslami humanitar elmlər sahəsində dissertasiya və ya elmi məqaləsi olmasın. Bu fakt İslami humanitar elmlər diskursunun inkişafı və nüfuzunun göstəricisidir.”
Höccətül-İslam vəl-müslimin Xosrovpənah vurğulamışdır: “Biz özümüzü kiçik sanmamalıyıq. Doğrudur ki, çatışmazlıqlar və zəifliklər var, lakin dəyərli nailiyyətləri və imkanları da görmək lazımdır. Bu gün artıq onun vaxtı yetişib ki, mövcud potensiala arxalanaraq nəzəriyyəçiliyin tamamlanması, yerli və İslami elmin istehsalı və yeni nəsil müəllim və tədqiqatçıların yetişdirilməsi yolunda addımlarımızı davam etdirək.”
O vurğulamışdır: “Humanitar elmlərdə transformasiya və köklü islahatlar qısamüddətli bir layihə deyil, davamlı bir prosesdir. Hazırda elə bir mərhələdəyik ki, zəruri fəlsəfi əsaslar və metodoloji yanaşmalar formalaşmışdır, siyasət və strukturlar qurulmuşdur, bacarıqlı müəllim və tədqiqatçılar yetişdirilmişdir.”
Ali Mədəni İnqilab Şurasının katibi sonda belə qeyd etmişdir: “Bu yolu hövzə və universitetin ortaq və bir-birini tamamlayan səyləri, mövcud imkan və çatışmazlıqlara realist yanaşma ilə davam etdirməliyik ki, İslami humanitar elmlər həm İran İslam cəmiyyətinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılaya bilsin, həm də qlobal müstəvidə yeni söz demək gücünə malik olsun.”
Rəyiniz